17 
Iyl
2026
18:06
90

GASU Tbilisidə “World Urban Forum Simulation” tədbiri təşkil edib

Tbilisidə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (GASU) və "İnkişaf və Təhsil Mərkəzi"nin birgə təşkilatçılığı ilə universitet tələbələrinin iştirakı ilə “World Urban Forum Simulation” (WUF) adlı simulyasiya tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə Azərbaycan və Gürcüstandan olan tələbə və gənclər iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Gürcüstan Texniki Universitetinin professoru Emilia Alaverdova və "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən, bu cür təşəbbüslərin tələbələrin şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən danışıblar.

Tədbir Azərbaycanın ev sahibliyi edəcəyi “World Urban Forum 13” (WUF13) forumuna həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda Azərbaycanın WUF13-ə ev sahibliyi etməsinin əhəmiyyəti və ölkədə həyata keçirilən şəhərsalma layihələri barədə məlumat verilib.

Simulyasiya zamanı müxtəlif ölkələri təmsil edən iştirakçılar öz ölkələrinin mövqeyini təqdim edərək şəhərlərin inkişafı, davamlılıq və müasir urbanizasiya ilə bağlı çıxışlar ediblər.

Daha sonra Azərbaycanı təmsil edən Türkan Kazımlı “World Urban Forum Simulation”un məqsədləri, şəhərlərin davamlı inkişafındakı rolu və Azərbaycanın bu beynəlxalq platformadakı iştirakı barədə təqdimatla çıxış edib.

Tədbirin moderatoru Emil Allahverdiyev olub.

Forumun sonunda iştirakçıların müzakirələri əsasında xüsusi pakt qəbul edilib. Münsiflər heyətinin qərarı ilə fərqlənən iştirakçılar, o cümlədən Cahandar Bayramov və Sara İsgəndərova həvəsləndirici mükafatlarla təltif olunublar.

Sonda tədbirin bütün iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “World Urban Forum” BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan, şəhərlərin davamlı inkişafı, urbanizasiya problemləri, yaşayış mühitinin yaxşılaşdırılması və gələcəyin şəhərlərinin formalaşdırılması istiqamətində qlobal müzakirələrin aparıldığı beynəlxalq platformadır. Tədbirin əsas məqsədi gəncləri bir araya gətirərək şəhərsalma, ekoloji dayanıqlılıq, sosial rifah və innovativ həllər ətrafında fikir mübadiləsi aparmaq olub.

Bizimlə əlaqə saxlayın