Tbilisidə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Tbilisidə baş vermiş bıçaqlanma faktı ilə bağlı bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, istintaqla müəyyən edilib ki, keçmişdə mövcud olan münaqişə zəminində baş verən mübahisə zamanı təqsirləndirilən şəxs soyuq silahla iki nəfərə xəsarət yetirib, daha sonra isə hadisə yerindən qaçıb.
Yaralanan şəxslər tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya çatdırılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini saxlayıblar.
Polis cinayətin törədilməsində istifadə olunan bıçağı maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi (iki və ya daha çox şəxsə qarşı sağlamlığa qəsdən ağır zərər vurma) ilə aparılır. Həmin maddə 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


