09 
Iyl
2026
22:42
45

Avropa Parlamenti “çat nəzarəti” ilə bağlı müvəqqəti qaydaların müddətini 2028-ci ilədək uzadıb

Avropa Parlamenti Avropa İttifaqının məxfilik qaydalarına tətbiq edilən müvəqqəti istisnanın müddətinin uzadılmasını dəstəkləyib. Bu qərar onlayn platformalara uşaqlara qarşı cinsi zorakılıq materiallarını (CSAM) könüllü şəkildə aşkarlamaq üçün yoxlamalar aparmağa imkan verir.

InterPress.ge xəbər verir ki, ictimai müzakirələrdə tez-tez “çat nəzarəti” (Chat Control) təşəbbüsünün bir hissəsi kimi təqdim olunan bu qaydalar 2028-ci il 3 aprel tarixinədək qüvvədə olacaq.

Qəbul edilən tənzimləmə mesajlaşma xidmətləri və platformalara artıq müəyyən edilmiş uşaq istismarı materiallarını (əsasən foto və videoları) aşkar etmək üçün istifadəçi kommunikasiyalarını yoxlamaq hüququ verir, lakin onları buna məcbur etmir.

Keçmiş Avropa Parlamentinin deputatı Patrik Breyer bildirib ki, bu qərarla ABŞ texnologiya şirkətlərinə məhkəmə qərarı və əvvəlcədən əsaslandırılmış şübhə olmadan şəxsi mesajları yoxlamaq imkanı verilir.

Onun sözlərinə görə, bu, Instagram, Discord, Snapchat, Xbox, eləcə də Google Gmail və Apple iCloud vasitəsilə göndərilən şəxsi mesaj və elektron məktublara da şamil olunur.

Brussels Signal nəşrinin məlumatına görə, Brüsselin irəli sürdüyü və daha geniş öhdəliklər nəzərdə tutan daimi “çat nəzarəti” qanun layihəsi hələ də ayrıca danışıqlar mərhələsindədir və indiyədək qəbul edilməyib.

Avropa Parlamenti bu məsələ ilə bağlı əvvəllər də yalnız məqsədyönlü və proporsional tədbirlərin tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Qərarın tənqidçiləri, o cümlədən bəzi avroparlamentarilər və rəqəmsal hüquqların müdafiəsi ilə məşğul olan təşkilatlar hesab edirlər ki, bu addım demokratik nəzarəti zəiflədir, şəxsi həyatın toxunulmazlığı və şifrələnmiş kommunikasiyalarla bağlı ciddi narahatlıqlar yaradır.

“Çat nəzarəti” təşəbbüsünün fəal əleyhdarlarından olan Avropa Parlamentinin üzvü Fidias Panayiotou isə X sosial şəbəkəsində yazıb:

«“Çat nəzarəti başlayır. Baxmayaraq ki, Avropa Parlamentinin üzvlərinin əksəriyyəti buna qarşı səs verdi, biz tələb olunan mütləq səs çoxluğunu (361 səs) toplaya bilmədik. Bu, avropalılar üçün kədərli gündür.”»

Bizimlə əlaqə saxlayın