07 
Iyl
2026
12:55
82

Prokurorluq azərbaycanlı Fatimə Kərimovanın qətlində Emin Əliyevə qiyabi ittiham irəli sürdü

Gürcüstan Prokurorluğu xarici ölkə vətəndaşının ağırlaşdırıcı şəraitdə qəsdən qətlə yetirilməsi faktı üzrə Azərbaycan vətəndaşı Emin Əliyevə qiyabi ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət ediləcək və o, beynəlxalq axtarışa veriləcək.

İstintaqın müəyyən etdiyi məlumata əsasən, 2026-cı il 3 iyun – 25 iyun tarixləri arasında Emin Əliyev Azərbaycan vətəndaşı Fatimə Kərimovanın həyatına dair qərarları müstəqil şəkildə qəbul etməsinə mane olub.

Bildirilir ki, o, Fatimə Kərimovaya ailə üzvləri və digər şəxslərlə əlaqə saxlamağı qadağan edib, evdən çıxmaq və sərbəst hərəkət etmək hüququnu məhdudlaşdırıb.

Prokurorluğun məlumatına görə, Fatimə Kərimova birlikdə yaşadıqları kirayə mənzili tərk etməyə cəhd etsə də, buna imkan verilməyib. İstintaqın versiyasına əsasən, Emin Əliyev onun evdən çıxması, digər şəxslərlə ünsiyyət qurması, hətta qidalanması ilə bağlı qərarları da təkbaşına qəbul edib və bununla kişi üstünlüyünü nümayiş etdirməyə çalışıb.

İstintaq materiallarına görə, 2026-cı il iyunun 25-də, saat 22:00 radələrində, Tbilisinin Varketili qəsəbəsində, Evgeniya Maisuradze küçəsi 45A, mənzil 3 ünvanında Emin Əliyev qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə Fatimə Kərimovanı boğaraq öldürüb.

Emin Əliyevə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin "t" bəndi (qadın və kişi bərabərliyinə dözümsüzlük zəminində törədilmiş qətl) ilə qiyabi ittiham irəli sürülüb.

Bu maddə ilə təqsirli bilinən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluq bildirib ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət məhkəməyə təqdim olunacaq və onun beynəlxalq axtarışa verilməsi üçün müvafiq prosedurlar həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın