Gürcüstanda yeni regional zibil poliqonları tikiləcək
Gürcüstan hökuməti ölkə ərazisində müasir standartlara cavab verən regional zibil poliqonlarının (tullantıların yerləşdirilməsi obyektlərinin) tikintisinə başlayacaq.
InterPress.ge xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidze müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi regional planlaşdırma prinsiplərinə uyğun olaraq seçilmiş bələdiyyələrdə təhlükəsiz olmayan məişət tullantılarının yerləşdirilməsi üçün yeni və müasir tələblərə cavab verən regional obyektlərin tikintisi və qurulması ilə bağlı bütün zəruri tədbirləri planlaşdırmalı və həyata keçirməlidir.
Bundan başqa, Baş nazirin tapşırığı ilə "Gürcüstan Bərk Tullantıların İdarə Edilməsi Şirkəti" 2030-cu il 1 yanvar tarixinədək 4 regional tullantı poliqonunun və onlara xidmət göstərəcək tullantıların ötürülməsi (transfer) stansiyalarının tikintisi üçün tələb olunan bütün hazırlıq və icra tədbirlərini təmin etməlidir.
Layihəyə əsasən, yeni regional tullantı obyektləri aşağıdakı bölgələri əhatə edəcək:
• Kaxeti;
• Şida Kartli – Mtsxeta-Mtianeti;
• İmereti – Raça-Leçxumi – Aşağı Svaneti;
• Samtsxe-Cavaxeti.
Hökumətin qərarının məqsədi ölkədə tullantıların idarə olunması sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, ekoloji təhlükəsizliyi gücləndirmək və ətraf mühitə mənfi təsirin minimuma endirilməsidir.


