Gürcüstanda səs-küylü avtomobillərə qarşı yeni nəzarət qaydası tətbiq olunur
Gürcüstanın daxili işlər naziri nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küy səviyyəsinin sertifikatlaşdırılmış portativ cihazlarla yoxlanılması qaydalarını və şərtlərini müəyyən edən əmr imzalayıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qərarın məqsədi ictimai asayişin qorunmasını daha səmərəli təmin etməkdir.
Nazirliyin məlumatına əsasən, 2026-cı il sentyabrın 1-dən etibarən Daxili İşlər Nazirliyinin səlahiyyətli bölmələri yol hərəkəti zamanı nəqliyyat vasitələrinin yaratdığı səs-küy səviyyəsini nazirlik tərəfindən alınmış və beynəlxalq ISO 5130:2019 standartına uyğun portativ səsölçən cihazlarla yoxlayacaqlar.
Bildirilib ki, nəqliyyat vasitələrinin yaratdığı səs-küyün icazə verilən həddi Gürcüstan hökumətinin müvafiq qərarı ilə tənzimlənir.
Qanunvericiliyə əsasən, yaşayış məntəqələrində gecə saat 23:00-dan 08:00-dək avtomobillərin yaratdığı səs-küy 80 desibeldən artıq olmamalıdır.
Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, istismarı zamanı qanunla müəyyən edilmiş səs-küy normasını aşan nəqliyyat vasitəsini idarə etməyə görə:
-
İlk dəfə – 100 lari cərimə və sürücülük vəsiqəsindən 10 bal silinir;
-
Təkrar pozuntuya görə – 200 lari cərimə və 20 bal silinir;
-
Üçüncü və sonrakı hallarda – 300 lari cərimə və sürücülük vəsiqəsindən 30 bal çıxılır.
Daxili İşlər Nazirliyi bildirib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və yol hərəkəti qaydalarının pozulmasına qarşı tədbirlər bundan sonra da aktiv şəkildə davam etdiriləcək.


