Tbilisi–Senaki–Leselidze magistral yolunda hərəkət məhdudlaşdırılıb
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti beynəlxalq əhəmiyyətli Tbilisi–Senaki–Leselidze avtomobil yolunda hərəkətin müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, məhdudiyyət yolun 25-ci kilometrində, Tbilisi istiqamətində Tsitsamuri dərəsi üzərində yerləşən körpüdə aparılan təxirəsalınmaz təmir işləri ilə əlaqədardır.
Məlumata görə, körpünün dəmir-beton konstruksiyasında zədələnmə aşkar edildiyindən təcili bərpa işlərinə ehtiyac yaranıb.
Təmir işləri 6 iyul saat 12:00-da başlayıb və günün sonunadək davam edəcək.
İşlər aparıldığı müddətdə yolun yavaş hərəkət zolağı bağlanacaq, nəqliyyat vasitələrinin hərəkəti isə körpü üzərində yalnız sürətli zolaq vasitəsilə birtərəfli qaydada təşkil olunacaq.
Yollar Departamenti sürücüləri sözügedən ərazidə hərəkət zamanı ehtiyatlı olmağa və yol nişanlarının tələblərinə əməl etməyə çağırıb.


