04 
Iyl
2026
17:26
99

Nino Çxobadze: Tbilisidə istilik dalğaları güclənə bilər, sahillərdə isə güclü fırtınalar gözlənilir

Tbilisidə yay mövsümündə istilik dalğalarının daha da güclənəcəyi, Gürcüstanın dəniz sahillərində isə güclü fırtına və dalğalanmaların müşahidə olunacağı proqnozlaşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcüstan Yaşıllar Hərəkatı / Yerin Dostları" təşkilatının sədri Nino Çxobadze "Palitra" radiosunun "Sizin Vaxtınız" verilişində bildirib.

Onun sözlərinə görə, Tbilisinin sıx və hündürmərtəbəli tikililərlə əhatə olunması şəhərdə hava dövranını zəiflədir və istilik dalğalarının təsirini artırır.

"Nəticədə şəhərdə istilik toplanır. Şüşəli binaların çoxluğu da problemi daha da dərinləşdirir. Bu cür binaların soyudulması daha çətindir və daha çox elektrik enerjisi tələb edir. Hesab edirik ki, təkcə bu yay deyil, gələcək illərdə də Tbilisidə yay mövsümü çətin keçəcək", – deyə Çxobadze bildirib.

O qeyd edib ki, iqlim dəyişiklikləri fonunda dəniz sahillərində güclü dalğalanmalar və fırtınalar arta bilər.

"Sahillərdə güclü dalğalanma və böyük fırtınalar gözlənilir. Xəbərdarlıq sistemi işləyir, lakin vətəndaşlar edilən xəbərdarlıqlara daha ciddi yanaşmalıdırlar", – deyə o vurğulayıb.

Nino Çxobadze valideynlərə uşaqları günün ən isti saatlarında açıq havaya çıxarmamağı, bol maye qəbul etməyi və günvurmadan qorunmağı tövsiyə edib.

O, həmçinin bildirib ki, güclü yağışlar, külək, zəlzələ və digər təbii fəlakətlər zamanı necə davranmaq barədə əhalinin məlumatlandırılması üçün geniş maarifləndirmə kampaniyasına ehtiyac var.

Çxobadzenin sözlərinə görə, Tbilidə dağ çaylarının daşması riski yüksəkdir, yağış sularının axıdılması sistemi isə bəzi küçələrdə güclü yağıntının öhdəsindən gələ bilmir. Bu səbəbdən paytaxtda bütün drenaj sistemlərinin keçiricilik qabiliyyətinin yoxlanılması vacibdir.

Bizimlə əlaqə saxlayın