Gürcüstanda azyaşlıların insan alverində ittiham olunan 3 nəfər saxlanılıb
Gürcüstanda azyaşlıların insan alveri (trafikinqi) ittihamı ilə 3 nəfər saxlanılıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üç nəfəri azyaşlıların insan alveri ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə insan alveri planı hazırlayıb və bu plana öz azyaşlı övladlarını cəlb ediblər.
Araşdırmalara əsasən, onlar psixoloji zorakılıq tətbiq etməklə azyaşlı uşaqları Batumi şəhərində, turistlərin sıx olduğu ərazilərdə və digər məkanlarda dilənməyə, eləcə də gül satmağa məcbur ediblər. Toplanan pulların isə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi bildirilir.
Nazirliyin məlumatına görə, istintaq çərçivəsində məhkəmənin qərarı ilə aparılmış gizli istintaq hərəkətləri nəticəsində bu faktları təsdiqləyən çoxsaylı sübutlar əldə olunub.
Hazırda zərərçəkmiş azyaşlılar dövlət himayəsi xidmət mərkəzlərinə yerləşdirilib və onların sağlamlığı üçün təhlükə olmadığı qeyd olunur.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143²-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Sözügedən maddə 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi bildirib ki, müxtəlif kateqoriyalı, o cümlədən mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində intensiv polis-profilaktik tədbirlər davam etdirilir.


