1 iyuldan fermerlər üçün yeni qaydalar qüvvəyə minir – dövlət dəstəyi almaq üçün qeydiyyat məcburi olacaq
Gürcüstanın Kənd İnkişafı Agentliyi 2026-cı il 1 iyul tarixindən etibarən "Aqromaliyyələşdirmə üzrə Dövlət Proqramı"nın yeni modelini tətbiq etməyə başlayır.
InterPress.ge xəbər verir ki, yeni qaydalara əsasən güzəştli aqrokreditlərin verilməsi şərtləri dəyişir, eyni zamanda fermer təsərrüfatları və kənd yerlərində fəaliyyət göstərən müəssisələrin vahid reyestri yaradılır.
Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, dövlət maliyyə dəstəyi almaq istəyən şəxslər proqrama müraciət etməzdən əvvəl Fermer Təsərrüfatları və Kənd Müəssisələrinin Reyestrində qeydiyyatdan keçməlidirlər. Reyestrdə qeydiyyat proqramdan yararlanmaq üçün məcburi şərt olacaq.
Qeydiyyat necə aparılacaq?
Nazirlik bildirir ki, qeydiyyat tamamilə ödənişsizdir.
Qeydiyyatdan keçmək üçün fermerlər Kənd İnkişafı Agentliyinin mərkəzi ofisinə və ya informasiya-məsləhət mərkəzlərinə müraciət etməlidirlər.
Qeydiyyat zamanı aşağıdakı məlumatlar təqdim olunacaq:
-
şəxsiyyət məlumatları;
-
torpaq sahələri barədə məlumat;
-
becərilən kənd təsərrüfatı bitkiləri;
-
mal-qara və digər kənd təsərrüfatı fəaliyyəti barədə məlumat.
Məlumatlar yoxlanıldıqdan sonra fermer reyestrə daxil ediləcək.
Kim fermer hesab olunacaq?
Nazirliyin açıqlamasına əsasən, fermer kənd təsərrüfatı fəaliyyəti ilə faktiki məşğul olan şəxs hesab edilir.
Reyestrin məqsədi kiçik və böyük təsərrüfatları ayırmaq deyil, onların uçotunu aparmaq və dövlət dəstəyi göstərməkdir. Fermer statusunun meyarları müvafiq normativ aktlarla müəyyənləşdirilib.
Dövlət hansı layihələri maliyyələşdirəcək?
Yeni proqram çərçivəsində:
-
İlkin kənd təsərrüfatı istehsalı və kəsim məntəqələrinin yaradılması layihələrinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək;
-
Məhsulun saxlanılması və emalı müəssisələrinin yaradılması layihələrinin isə 40 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.
Benefisiarlar eyni zamanda güzəştli aqrokreditdən də istifadə edə biləcəklər. Bu halda Agentliyin ödəyəcəyi məbləğdən kredit üzrə ödənilmiş və ya ödənəcək faiz məbləği çıxılacaq.
Maliyyələşdirmənin məbləği
Proqram çərçivəsində:
-
minimum maliyyələşdirmə məbləği – 100 000 lari;
-
maksimum dövlət maliyyələşdirməsi – 2 000 000 lari müəyyən edilib.
Nazirliyin izahına görə, minimum hədd layihələrin daha çox biznes yönümlü olmasını təmin etmək məqsədi daşıyır.
Maksimum hədd isə bir benefisiar üzrə dövlət dəstəyinin ümumi limitinin qorunması və Agentliyin maliyyə portfelində risklərin balanslaşdırılması məqsədilə müəyyənləşdirilib.
Qeyd olunur ki, layihənin ümumi dəyərinə məhdudiyyət qoyulmur, yalnız dövlət tərəfindən veriləcək maksimum maliyyə dəstəyi məhdudlaşdırılır.
Biznes-plan hər kəs üçün tələb olunacaq?
Xeyr.
Nazirliyin məlumatına görə, emal müəssisələri üzrə alt-komponent istisna olmaqla, proqramın digər istiqamətlərində biznes-plan təqdim etmək tələb edilməyəcək.
Fermer yalnız proqramın tələblərinə uyğun sənədləri təqdim edəcək. Sənədlər tam olduğu halda müraciət təsdiqlənəcək.
Emal müəssisələri üzrə layihələr isə əvvəlcədən müəyyən edilmiş qiymətləndirmə sistemi ("scoring") əsasında dəyərləndiriləcək. Minimum bal toplandıqdan sonra biznes-plan xüsusi komissiyada müzakirə olunacaq.
Kommersiya banklarının rolu
Fermer kredit almaq üçün kommersiya bankına müraciət etdikdə, bank onun müraciətini qiymətləndirəcək.
Kredit təsdiqləndikdən və benefisiar Agentliklə maliyyələşdirmə müqaviləsi imzaladıqdan sonra bank krediti verəcək.
Bu halda Agentlik 36 aya qədər kredit üzrə faizlərin bir hissəsini Gürcüstan Milli Bankının refinanslaşdırma dərəcəsi həcmində ödəyəcək.
Bank kredit verməsə nə olacaq?
Nazirlik bildirir ki, belə risk nəzərdə tutulmayıb.
Çünki proqrama müraciət edilən zaman fermer artıq aşağıdakı sənədlərdən birini təqdim etməlidir:
-
öz vəsaitinin mövcudluğunu təsdiqləyən bank arayışı;
-
və ya kommersiya bankının krediti təsdiqlədiyini göstərən sənəd.
Bu səbəbdən kredit təsdiqlənmədən proqrama müraciət mümkün olmayacaq.
Güzəştli aqrokredit proqramı ləğv olunur?
Xeyr.
Nazirliyin məlumatına görə, güzəştli aqrokredit proqramı qüvvədə qalır.
-
Dövriyyə vəsaitləri üçün verilən güzəştli aqrokreditlər əvvəlki şərtlərlə davam etdiriləcək.
-
Dəyişiklik yalnız Agentliyin ödədiyi faiz subsidiyasının məbləğinə aiddir.
-
Əsas vəsaitlərin alınması üçün güzəştli aqrokredit isə artıq ayrıca proqram kimi deyil, yeni aqromaliyyələşdirmə proqramının qrant komponentləri ilə əlaqələndiriləcək.
Faiz dərəcələri necə dəyişir?
Əvvəlki qaydalara əsasən güzəştli aqrokreditlərin əksər istiqamətləri üzrə dövlət 11 faizədək faiz subsidiyası təqdim edirdi.
Yeni qaydalara əsasən isə Agentliyin ödəyəcəyi faiz məbləği Gürcüstan Milli Bankının refinanslaşdırma dərəcəsinə uyğun hesablanacaq.
Hazırda Milli Bankın refinanslaşdırma dərəcəsi 8,25 faiz təşkil edir.


