23 
Iyn
2026
12:17
84

Kobaxidze: Cərimələrin artırılması nəticə vermədi, buna görə onların azaldılması qərara alındı

Gürcüstan hökuməti yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin azaldılması qərarını qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, yol hərəkəti qaydalarının pozulması və tətbiq olunan cərimələrlə bağlı statistika təhlil edilib.

Baş nazir qeyd edib ki, aparılan qiymətləndirmə nəticəsində cərimələrin artırılmasının statistik göstəricilərin yaxşılaşmasına təsir etmədiyi müəyyənləşib.

“Biz yol hərəkəti qaydalarının pozulması və müvafiq cərimələrlə bağlı statistikanı qiymətləndirdik və məlum oldu ki, bu halda cərimələrin artırılması statistikanın yaxşılaşmasına təsir göstərməyib”, – deyə İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, məhz bu nəticələr nəzərə alınaraq cərimələrin azaldılması barədə qərar qəbul edilib.

“Biz əhalinin üzərinə artırılmış cərimələr şəklində əlavə yük qoymaq istəmirik. Buna görə də bütün bunları nəzərə alaraq cərimələrin azaldılması qərarını verdik”, – deyə Baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın