20 
Iyn
2026
09:09
74

Gürcüstanda ibtidai sinif şagirdləri üçün məcburi məktəb forması tətbiq olunur – 1,8 milyon forma Çində istehsal ediləcək

2026-2027-ci tədris ilindən etibarən Gürcüstanın dövlət məktəblərində ibtidai sinif şagirdləri üçün məktəb formasının geyinilməsi məcburi olacaq. Bununla əlaqədar Təhsil, Elm və Gənclər Nazirliyi yeni məktəb formalarının tədarükü üçün müqavilə bağlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən "Təhsil Resursları" MMC məktəb formalarını "Glory Textile Industry" şirkətindən satın alacaq.

Nazirliyin məlumatına görə, "Glory Textile Industry" şirkətinin tikiş fabriki Çin Xalq Respublikasında yerləşir. Şirkətlə imzalanmış müqavilə çərçivəsində ümumilikdə 1 milyon 801 min ədəd məktəb formasının istehsalı nəzərdə tutulur.

Açıqlamada qeyd olunur ki, məktəb formalarının təhsil müəssisələrinə çatdırılması prosesi üç mərhələdə həyata keçiriləcək və bütün prosedurlar qanunvericiliyin tələblərinə, eləcə də şəffaflıq prinsiplərinə uyğun şəkildə aparılacaq.

Nazirlik hesab edir ki, məktəb formasının məcburi tətbiqi təhsil müəssisələrində daha bərabər, sağlam və nizamlı tədris mühitinin formalaşmasına kömək edəcək. Eyni zamanda, bu addımın şagirdlər arasında sosial fərqlərin azalmasına da müsbət təsir göstərəcəyi vurğulanır.

Məlumatda bildirilir ki, yeni tədris ili başlamazdan əvvəl məktəb formalarının vaxtında hazırlanıb məktəblərə çatdırılmasını təmin etmək məqsədilə Gürcüstan hökumətinin qərarı ilə "Təhsil Resursları" MMC-yə formaların sadələşdirilmiş satınalma proseduru əsasında alınması səlahiyyəti verilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər