19 
Iyn
2026
18:48
323

Gürcüstanda bu tarixdən təhlükəli hava şəraiti gözlənilir

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi iyunun 19-dan 22-dək ölkənin əksər ərazilərində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq yayıb.

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına əsasən, iyunun 19-u günün ikinci yarısından başlayaraq iyunun 22-dək ölkənin əksər bölgələrində fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə isə yağıntının güclü olacağı gözlənilir.

Sinoptiklər bildirirlər ki, hava şəraiti ildırım, dolu və güclü küləklə müşayiət oluna bilər.

Qurumun məlumatına görə, Gürcüstanın çaylarında hazırda da yüksək sululuq müşahidə olunur. Gözlənilən intensiv yağıntılar nəticəsində ayrı-ayrı çay hövzələrində suyun səviyyəsinin təhlükəli həddə qədər yüksəlməsi mümkündür.

Xüsusilə Enguri, Rioni, Araqvi, İori və Alazani çaylarının hövzələrində su səviyyəsinin artacağı proqnozlaşdırılır. Bununla yanaşı, kiçik çaylarda daşqınların baş verməsi, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin yaranması və ya aktivləşməsi ehtimalı var.

Milli Ətraf Mühit Agentliyi vəziyyətin yüksək təhlükə səviyyəsi daşıdığını vurğulayaraq əhalini diqqətli olmağa, çay kənarlarında və riskli ərazilərdə hərəkət edərkən ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın