Ər-arvad mübahisəsinə müdaxilə edən qonşu qadın hadisə yerində vəfat etdi
Kaxeti bölgəsində ər-arvad arasında baş verən məişət münaqişəsi faciə ilə nəticələnib. Qonşusuna kömək etmək istəyən qadın hadisə zamanı halı pisləşərək həyatını itirib.
InterPress.ge xəbər verir ki, yerli "Kaxetidən Baş Xəbərlər" nəşrinin yaydığı məlumata görə, hadisə ötən gün Siğnaği bələdiyyəsinin Tsnori şəhərində baş verib. Yerli sakinlərin sözlərinə əsasən, kişi həyat yoldaşına qarşı fiziki zorakılıq göstərib. Qadının kömək istəməsi üzərinə qonşu qadın münaqişəyə müdaxilə etməyə çalışıb. Bu zaman onun vəziyyəti qəfil pisləşib və o, hadisə yerində dünyasını dəyişib.
Nəşrin məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, vəfat edən qadının bədənində hər hansı fiziki xəsarət izi aşkarlanmayıb. İlkin ehtimala əsasən, onun ölümünə güclü əsəb gərginliyi səbəb olub.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126¹-ci maddəsi ilə istintaqa başlayıb. Həmin maddə ailə məişət zorakılığı hallarını nəzərdə tutur.
Qurumdan verilən məlumata əsasən, qadına qarşı fiziki zorakılıq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.


