İrakli Meqrelişvili: Həmin dövrdə biz müharibə istəyirdik, revanş əhval-ruhiyyəli gənclər idik
"Vahid Milli Hərəkat"ın keçmiş üzvü və partiyanın Gənclər Təşkilatının sabiq sədri İrakli Meqrelişvili "Gürcüstanın doğuluşu" verilişində 2008-ci ilin avqust müharibəsi barədə danışarkən bildirib ki, həmin dövrdə gənclər arasında revanş əhval-ruhiyyəsi hökm sürürdü.
Onun sözlərinə görə, o vaxt gənclər Gürcüstan dövlətinin artıq kifayət qədər gücləndiyinə, ordunun yüksək standartlara cavab verdiyinə inanır və 1990-cı illərdəki oxşar müharibənin təkrarlanacağı halda qalib gələcəklərini düşünürdülər. Lakin sonradan Rusiyanın birbaşa müdaxiləsi ilə üzləşdikdən sonra anlayıblar ki, müharibə yolu ilə Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək mümkün deyil.
"Yəqin ki, 2008-ci ilin avqust müharibəsinə necə gəlib çıxdığımız maraqlıdır. Çünki bu gün bütün kampaniya 'bəs siz müharibə istəyirsiniz?' sualı üzərində qurulub. Əlbəttə, bu gün heç kim müharibə istəmir, mən də istəmirəm və bunu qəti şəkildə istisna edirəm.
Amma həmin dövrdə bəli, biz müharibə istəyirdik. Biz revanşist əhval-ruhiyyəli gənclər idik. Lakin o dövrdəki düşüncəmizi bugünkü reallıqla qarışdırmaq olmaz. Bu gün hamımız bilirik ki, müharibə baş versə, birbaşa Rusiya ilə qarşı-qarşıya qalacaqsan və bu, məğlubiyyətə məhkum bir müharibə olacaq.
O zaman isə belə düşünürdük ki, əgər 1990-cı illərdəki kimi müharibə təkrarlansa, artıq Gürcüstan daha güclü dövlətdir, ordumuz yüksək standartlara malikdir, nizam-intizamlıdır və silahlanmamız kifayət qədər güclüdür. Buna görə də inanırdıq ki, 90-cı illərdə uduzduğumuz müharibəni mütləq qazanacağıq.
Məhz buna görə də belə əhval-ruhiyyədə idik. Mən Rusiya hərbi bazalarının ölkədən çıxarılması tələbi ilə keçirilən aksiyalarda fəal iştirak edir, onları təşkil edirdim. Eyni zamanda ehtiyat qüvvələrin yaradılması prosesinə də qatılmışdım. Biz – tələbələr – Gürcüstanın ərazi bütövlüyünün bərpasında iştirak etmək istəyirdik. Bizdə revanş hissi var idi.
Həmin dövrdə separatçılara və günahsız insanları qətlə yetirmiş muzdlulara qarşı böyük qəzəb hiss edirdik. Mən hesab edirəm ki, Abxaziyada baş verənlər təkcə etnik təmizləmə deyil, həm də soyqırımı idi. Buna görə də biz militarist düşüncədə idik və qisas almaq istəyirdik.
Bu kitabda da məhz bundan danışıram – 2008-ci il müharibəsinə hansı əhval-ruhiyyə ilə gəlib çıxdığımızdan. Lakin sonradan Rusiya ilə birbaşa toqquşduq. Rusiya artıq 1990-cı illərdə olduğu kimi gizli şəkildə dəstək vermirdi və gizli silah göndərmirdi. O, birbaşa ölkəyə daxil oldu və biz elə bir divarla üzləşdik ki, anladıq: müharibə yolu ilə Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək artıq mümkün deyil", – deyə İrakli Meqrelişvili bildirib.


