Birinci siniflərə ümumi qeydiyyat başlayıb – Valideynlər üçün vacib tarixlər açıqlandı
Gürcüstanda birinci sinfə qəbul üçün ümumi qeydiyyat prosesi bu gün saat 09:00-da başlayıb və iyulun 3-dək davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeydiyyat Təhsil İdarəetməsinin İnformasiya Sisteminin rəsmi internet səhifəsi – registration.emis.ge vasitəsilə həyata keçirilir.
Nazirliyin məlumatına görə, uşağın sistemdə qeydiyyatını valideyn və ya qanuni nümayəndə həyata keçirməlidir. Elektron qaydada qeydiyyatdan keçən şagirdlərin məktəbə qəbul olunması üçün zəruri sənədlərin təqdim edilməsi 2026-cı il iyulun 6-dan 17-dək aparılacaq. Müəyyən olunmuş müddətdə sənədlər təqdim edilmədiyi təqdirdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.
Birinci sinfə qəbul üçün tələb olunan sənədlər aşağıdakılardır:
Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış ünvanı və əlaqə telefonu göstərilməli, həmçinin Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsinin tələblərinə cavab verməlidir;
Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşayış hüququnu təsdiq edən sənədin surəti (mövcud olduğu halda);
Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti, yaxud Gürcüstanda yaşayış hüququnu təsdiq edən sənədin surəti (mövcud olduğu halda).
Xarici dildə təqdim olunan bütün sənədlərə Gürcüstan qanunvericiliyinə uyğun qaydada hazırlanmış gürcü dilinə tərcümə əlavə edilməlidir.
Qeyd edək ki, "Ümumi təhsil haqqında" Gürcüstan qanununa edilən dəyişikliklərə əsasən, 2026-2027-ci tədris ilində dekabrın 31-dək 6 yaşı tamam olacaq uşaqlar birinci sinfə qeydiyyatdan keçə biləcəklər.


