Parlament qarşısında etiraz aksiyası yenidən başlayıb
Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası yenidən bərpa olunub. Aksiya iştirakçıları əvvəlcə Tbilisi Filarmoniyasının qarşısında toplaşıb, daha sonra yürüş edərək parlament binasına doğru hərəkət ediblər.
InterPress.ge xəbər verir ki, bugünkü yürüş "Birlikdə zorakılığa və cəzasızlığa qarşı" şüarı altında keçirilib. Vətəndaşlar ənənəvi şənbə yürüşünü "TV Pirveli" telekanalının efirində yayımlanan və polis əməkdaşlarının polis bölməsində vətəndaşları döydüyünü əks etdirən görüntülərlə əlaqələndiriblər.
Aksiya iştirakçıları müxtəlif şüarlar yazılmış plakatlar daşıyıblar. Onların üzərində "Sistem dağılmalıdır", "14 illik qanlı hakimiyyət", "Polis zorakılıq edəndə kimə müraciət etməliyik?!" kimi yazılar yer alıb.
Bununla yanaşı, etirazçılar aksiyalar zamanı xəsarət aldıqlarını bildirdikləri və iddialarına görə polis zorakılığına məruz qalmış vətəndaşların fotolarını da nümayiş etdiriblər.
Parlament qarşısında etiraz aksiyası hazırda davam edir.


