12 
Iyn
2026
11:32
88

"Transparency International – Gürcüstan": TIR PARK-ların sahibləri və rəhbərləri arasında "Gürcü Arzusu" ilə əlaqəli şəxslər var

"Transparency International – Gürcüstan" təşkilatı iddia edir ki, gömrük-keçid məntəqələrinin yaxınlığında fəaliyyət göstərən 8 lisenziyalı TIR PARK-ın hazırkı və keçmiş təsisçiləri, eləcə də direktorları "Gürcü Arzusu"nun nümayəndələri və onlarla əlaqəli şəxslərdir.

InterPress.ge xəbər verir ki, qeyri-hökumət təşkilatının yaydığı məlumatda bildirilir ki, həmin şəxslər 2014-cü ildən bu günədək "Gürcü Arzusu"na və hakim partiyanın dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişviliyə ümumilikdə 1 milyon 991 min lari ianə ediblər.

Məlumata görə, Gürcüstanda ümumilikdə 35 lisenziyalı TIR PARK fəaliyyət göstərir və onlar Sarpi, Kazbeqi, Qırmızı Körpü, Sadaxlı (avtomobil), Laqodexi, Ququthi, Ninotsminda, Vale və Karzaxi olmaqla 9 gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşir.

Təşkilatın məlumatında qeyd olunur ki, Sarpi gömrük-keçid məntəqəsinin yaxınlığında, Batumidə yerləşən "Fiqoil" MMC-nin 50 faiz payının sahibi Gürcüstanın qeyri-legitim parlamentinin deputatı və "Gürcü Arzusu"nun iri donorlarından biri Qiorqi Çkoniyadır. Bildirilir ki, "Fiqoil" MMC ilə əlaqəli şəxslər 2014-cü ildən etibarən "Gürcü Arzusu"na və Salome Zurabişviliyə 797 min lari ianə ediblər.

Qırmızı Körpü gömrük-keçid məntəqəsinin yaxınlığında, Marneuli bələdiyyəsinin Lejbəddin kəndində yerləşən "TIR Park Marneuli 2014" MMC-nin keçmiş təsisçiləri sırasında "Xalqın Qüvvəsi" hərəkatının və "POSTV" telekanalının təsisçisi, qeyri-legitim parlamentin deputatı Viktor Caparidzenin həyat yoldaşı Natia Xvistani və ailəyə yaxın biznesmen Otar Çartolani göstərilir. Onların 2016-2018-ci illərdə "Gürcü Arzusu"na və Salome Zurabişviliyə 208 min lari ianə etdikləri qeyd olunur.

Ququthi (Kiçik Dmanisi kəndi) və Sadaxlı avtomobil gömrük-keçid məntəqələrinin yaxınlığında fəaliyyət göstərən "Ququthi Vertex" MMC və "Park Vertex" MMC-nin təsisçiləri və rəhbərlərinin Tbilisi meri Kaxa Kaladze və sanksiyaya məruz qalmış keçmiş daxili işlər naziri Vaxtanq Qomelauri ilə yaxın münasibətdə olan biznesmen qardaşlar Qiorqi və Roman Abramişvililər olduğu bildirilir. Onların 2018-ci ildən indiyədək hakim partiyaya və Salome Zurabişviliyə 774 min lari ianə etdikləri qeyd olunur.

Laqodexi gömrük-keçid məntəqəsinin yaxınlığında, Matsimi kəndində yerləşən "New Georgia" MMC-nin 30 faiz payının keçmiş sahibi kimi "Gürcü Arzusu"nun fəal tərəfdarı və partiyaya yaxın biznesmen Mindia Sabanadze göstərilir. Bildirilir ki, o, 2016-2017-ci illərdə həmin şirkətdə pay sahibi olduğu dövrdə "Gürcü Arzusu"na 100 min lari ianə edib.

"Transparency International – Gürcüstan" xatırladır ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2014-cü ildən etibarən gömrük-keçid məntəqələrində növbələrin tənzimlənməsi və sıxlığın qarşısının alınması məqsədilə bütün yük avtomobilləri – istər boş, istərsə də yüklü olsun – sərhədə yaxın ərazilərdə yerləşən və Gəlirlər Xidməti tərəfindən lisenziyalaşdırılmış TIR PARK-larda qeydiyyatdan keçməlidirlər.

Məlumatda vurğulanır ki, hər bir qoşqulu yük avtomobili üçün bu xidmətin dəyəri 80 lari təşkil edir. Bunun müqabilində sürücülər növbələrin idarə olunması xidmətindən başqa hər hansı əlavə xidmət almırlar. Bu ödəniş edilmədiyi halda isə yük avtomobillərinin sürücülərinə dövlət sərhədi istiqamətində hərəkət etmək və sonradan sərhədi keçmək qadağan olunur. Bildirilir ki, bu qaydalara əməl olunmasına patrul polisinin növbətçi ekipajları daim nəzarət edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər