SEMEK-dən Qızılhacılı sakinlərinə mühüm xəbər: Təbii qazın bərpası prosesi başlayıb
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndinə təbii qazın verilişinin bərpası prosesi başlayıb. Eyni zamanda, kənd sakinlərinin fasiləsiz qaz təchizatının təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) özünün rəsmi "Facebook" səhifəsində məlumat yayıb. Bildirilib ki, Qızılhacılı kəndi əhalisinin maraqlarının qorunması və fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədilə SEMEK "SOCAR Gas Export-Import" MMC-yə yazılı müraciət edərək kənd sakinlərinə təbii qazın bərpasını xahiş edib.
Məlumatda qeyd olunur ki, cari ilin 9 iyun tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kəndinə təbii qazın verilişi qazpaylayıcı şirkət olan "Mamed" MMC-nin özbaşına və qanunvericiliyə zidd hərəkətləri nəticəsində dayandırılıb. Bildirilib ki, "Mamed" MMC təbii qazın lisenziyalı paylayıcı şirkətidir və Qızılhacılı kəndində qazın paylanmasını həyata keçirir.
SEMEK-in açıqlamasına əsasən, aylar ərzində "Mamed" MMC Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tələbləri yerinə yetirməyib və istehlakçılara çatdırılan təbii qazın dəyərini "SOCAR Gas Export-Import" MMC-yə ödəməyib. Nəticədə şirkətin 600 min laridən artıq borcu yaranıb və buna görə də "Mamed" MMC-yə təbii qazın təchizatı dayandırılıb.
Qurum həmçinin bildirib ki, yaxın vaxtlarda keçiriləcək ictimai iclasda "Mamed" MMC-yə xüsusi idarəçinin təyin olunması məsələsi müzakirəyə çıxarılacaq. Məqsəd uzunmüddətli perspektivdə Qızılhacılı kəndi əhalisinin təbii qazla fasiləsiz və etibarlı şəkildə təmin edilməsidir.


