Arvadına, anasına və həyat yoldaşının rəfiqəsinə bıçaqla hücum edən şəxs saxlanılıb
Gürcüstanın İmereti bölgəsində bir kişi arvadına, anasına və həyat yoldaşının rəfiqəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə ittiham olunaraq saxlanılıb. Ona 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, İmereti Polis Departamentinin əməkdaşları üç nəfərə, o cümlədən ailə üzvlərinə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan şəxsi isti izlərlə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, alkoqolun təsiri altında olan təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək həyat yoldaşına, anasına və həyat yoldaşının rəfiqəsinə bir neçə bıçaq xəsarəti yetirib. Yaralanan hər üç qadın tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisədən dərhal sonra saxlanılıb. Polis cinayətin törədilməsində istifadə olunan bıçağı maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima, 19-109-cu maddələri ilə aparılır. Həmin maddələr ağırlaşdırıcı hallarda üç nəfərə, o cümlədən ailə üzvlərinə qarşı qəsdən adam öldürməyə cəhdi nəzərdə tutur və 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.


