11 
Iyn
2026
11:05
99

SOCAR-dan "Mamed" qaz şirkətinə cavab: Qızılhacılıda qaz böhranının səbəbi açıqlanıb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində və 26 May küçəsinin bir hissəsində təbii qazın olmaması ilə bağlı "Mamed" qaz şirkətinin rəhbərliyinin səsləndirdiyi iddialara SOCAR-ın Gürcüstan nümayəndəliyi yazılı açıqlama ilə cavab verib.

InterPress.ge xəbər verir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin yaydığı açıqlamada bildirilir ki, "SOCAR Gas Export-Import" MMC 2020-ci ilin fevral ayından etibarən müvafiq müqavilə əsasında Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakinləri üçün "Mamed" MMC-yə təbii qaz tədarük edir.

Açıqlamada qeyd olunur ki, "Mamed" MMC üçün sosial təyinatlı qazın təchizatı səlahiyyətli dövlət qurumu tərəfindən müəyyən edilmiş tarif əsasında həyata keçirilir. Bildirilir ki, SOCAR-ın sosial sektorda tarif müəyyən etmək səlahiyyəti yoxdur və bu məsələ tam şəkildə müvafiq dövlət orqanının səlahiyyətinə daxildir. Buna görə də, tariflərin artırılması ilə bağlı şirkətin ünvanına səsləndirilən bütün ittihamlar əsassız hesab olunur.

SOCAR-ın məlumatına görə, 2020-ci ildən bu günə qədər "Mamed" MMC üçün sosial qazın qiyməti dörd dəfə dəyişib və şirkət hər dəfə yeni tarifi öz istədiyi kimi şərh edib. Bəzi hallarda yeni tarif qəbul edilsə də, bəzi hallarda "Mamed" MMC uzun müddət yeni tarifi qəbul etməyərək ödənişləri 2020-ci ildə qüvvədə olmuş köhnə tarif əsasında həyata keçirib. Nəticədə şirkətin istifadə olunmuş qaza görə xeyli məbləğdə borcu yaranıb.

"SOCAR" bir daha vurğulayıb ki, "Mamed" şirkətinin səsləndirdiyi ittihamlar əsassızdır və şirkətin fəaliyyəti hər zaman qanunvericiliyə, eləcə də bütün məcburi dövlət qaydalarına və normativ aktlara ciddi riayət olunması prinsipi üzərində qurulub.

Açıqlamada həmçinin qeyd olunub ki, SOCAR sosial təyinatlı qaz üçün tarif müəyyən etmir və yalnız səlahiyyətli orqan tərəfindən təsdiqlənmiş alqı-satqı tariflərinə əməl edir.

"Öz tərəfimizdən dəfələrlə "Mamed" Şirkətini hüquqi çərçivəyə qayıtmağa və bazarın sosial seqmenti üçün müəyyən edilmiş qaydalara uyğun fəaliyyət göstərməyə dəvət etmişik, lakin bu, heç bir nəticə verməyib. Buna görə də münasibətlərimiz tam həll olunana qədər kəskin tədbirlərə əl atmaq və "Mamed" Şirkətinə qaz təchizatını dayandırmaq məcburiyyətində qaldıq", – deyə açıqlamada bildirilir.

SOCAR əlavə edib ki, "Mamed" Şirkətinin üçüncü tərəflərlə davam edən məhkəmə çəkişmələri onun SOCAR qarşısındakı öhdəliklərini aradan qaldırmır. Eyni zamanda qeyd olunub ki, "Mamed" MMC ilə indiyədək məhkəmələrdə heç bir hüquqi mübahisələri olmayıb və mövcud vəziyyətlə bağlı qarşılıqlı məqbul həll yolunun tapılacağına ümid edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər