10 
Iyn
2026
12:44
110

Gürcüstanda son 48 saatda 119 nəfər narkotik cinayətlərinə görə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin son 48 saat ərzində Tbilisi və regionlarda keçirdiyi polis tədbirləri nəticəsində narkotik cinayətləri ilə bağlı 119 nəfər saxlanılıb. Onlardan 49-u narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaqda ittiham olunur.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Polis Departamentinin direktoru, Vaja Siradze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Siradze bildirib ki, narkotik cinayətlərində ittiham olunan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar zamanı, eləcə də onların göstərdiyi yerlərdən maddi sübut kimi xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürülüb.

Aşkar edilən maddələr arasında heroin, kokain, alfa-PVP, metadon, mefedron, buprenorfin və digər narkotik vasitələr olub.

Bundan əlavə, polis-profilaktik tədbirlər çərçivəsində aparılan istintaq hərəkətləri zamanı narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar, narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaitləri, çoxlu sayda odlu silah və döyüş sursatı da müsadirə edilib.

DİN rəsmisinin sözlərinə görə, narkotik vasitələrin qanunsuz satışı ittihamı ilə saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı əsasında bir neçə dəfə nəzarətli alış həyata keçirilib və bu proses gizli audio-video çəkilişlə qeydə alınıb.

İstintaq zamanı əldə olunan sübutlarla müəyyən edilib ki, saxlanılan narkotik satıcıları müəyyən məbləğ müqabilində narkotik vasitələri sistemli şəkildə vətəndaşlara satıblar.

Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı tersiya, 260-cı kvarta, 265-ci və 236-cı maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

"Ölkə üzrə Daxili İşlər Nazirliyinin polis bölmələri mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotik cinayətlərinə qarşı barışmaz mübarizəni fasiləsiz davam etdirirlər. Uğurla həyata keçirilən polis əməliyyatına görə Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına təşəkkür edirəm", – deyə Vaja Siradze bildirib.

Bizimlə əlaqə saxlayın