09 
Iyn
2026
17:53
83

Varlam Liparteliani müxalifət fəalı Elene Kaixosroşviliyə: İnsanı həyəcanlandığı üçün ələ salmayın

"Gürcü Arzusu"nun Gənclər Təşkilatının sədri Varlam Liparteliani müxalifət fəalı Elene Kaixosroşviliyə müraciət edərək, emosional vəziyyətinə görə insanın lağa qoyulmasının və bullinqə məruz qalmasının doğru olmadığını bildirib.

InterPress.ge xəbər verir ki, Varlam Liparteliani növbəti görüşə Elene Kaixosroşvilini dəvət edərək, təşkilatın toplantılarının fərqli fikirlərin mübadiləsinə, müzakirəyə və yekunda ortaq məxrəcə gəlməyə xidmət etdiyini qeyd edib.

"Müraciət edərək xahiş etmək istəyirəm ki, insanı emosional və gərgin vəziyyətinə görə ələ salmayın və bullinq etməyin. Bu, düzgün davranış deyil. Xüsusilə də sizin xanım olduğunuz halda, başqa bir xanımı yalnız sual verərkən həyəcanlandığı üçün məsxərəyə qoymağınız çox pisdir.

Sizi iyunun 19-da Kutaisidə keçiriləcək növbəti görüşümüzə dəvət edirəm. Ümid edirəm ki, şəxsən görüşəcəyik. Görüşəndə əmin olacaqsınız ki, bizim toplantılarımız əslində fərqli fikirlərin bölüşdürülməsinə, diskussiyaya və sonda ortaq razılığın əldə olunmasına xidmət edir.

Əsas odur ki, inanıram, həm mən, həm komandam, həm də siz vətənimizi sevirik. Qalan bütün məsələlərdə isə razılığa gələ bilərik", – deyə Liparteliani yazıb.

Qeyd edək ki, müxalifət fəalı Elene Kaixosroşvili sosial şəbəkədə paylaşdığı videoda "Gürcü Arzusu"nun Gənclər Təşkilatının regional turu barədə danışaraq, istehzalı şəkildə istənilən gəncin bu görüşlərə qatılıb sual verə biləcəyini bildirib. O, paylaşımında təşkilatın görüşlərindən birindən görüntü yayımlayıb. Kadrlarda həyəcanlı vəziyyətdə olan gənc qızın təşkilat nümayəndələrinə sual ünvanladığı görünür.

Bizimlə əlaqə saxlayın