06 
Iyn
2026
11:45
139

Quldurluq, oğurluq və dələduzluqda təqsirləndirilən 6 azyaşlı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda törədilmiş qrup halında quldurluq, oğurluq və dələduzluq faktları üzrə 6 azyaşlını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan dördü əvvəllər məhkum olunub və hazırda şərti cəza altında olublar.

İstintaqla müəyyən edilib ki, azyaşlılar əvvəlcədən razılaşaraq, qrup halında qanunsuz mənimsəmə məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsullar oğurlayıb və hadisə yerindən qaçıblar.

Araşdırma zamanı həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxslərdən biri vətəndaşa məxsus mobil telefonu dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirib.

Nazirliyin məlumatına əsasən, azyaşlıların törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif ticarət obyektlərinə 30 min lariyə qədər maliyyə zərəri dəyib.

“Davam edən istintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən onlarla ticarət obyektinin müşahidə kameralarının görüntüləri əldə olunub və həmin görüntülər təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyir”, – deyə məlumatda bildirilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci (quldurluq), 177-ci (oğurluq) və 180-ci (dələduzluq) maddələri ilə aparılır. Həmin maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər