Tbilisidə sürətli ödəniş terminalını qarət etməyə cəhd edən 4 nəfər saxlanılıb
Tbilisidə sürətli ödəniş terminalını qarət etməyə cəhddə şübhəli bilinən 4 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən törədilən quldurluq faktı üzrə 4 nəfəri həbs ediblər.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər səhər saatlarında pul vəsaitini ələ keçirmək məqsədilə sürətli ödəniş terminalını zədələyərək içərisindəki pulu qanunsuz olaraq mənimsəməyə cəhd göstəriblər. Lakin onlar niyyətlərini həyata keçirə bilməyərək hadisə yerindən qaçıblar.
Nazirliyin məlumatına görə, şübhəlilərin cinayəti törətməsi müxtəlif sübutlarla, o cümlədən müşahidə kameralarının görüntüləri ilə təsdiqlənir.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən şəxslər saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Həmin maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


