02 
Iyn
2026
12:52
106

Gürcüstanda son bir ildə 15 "qanuni oğru" və 335 kriminal aləmlə əlaqəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin 1 iyun 2025-ci ildən 2026-cı ilin may ayınadək həyata keçirdiyi fəaliyyət nəticəsində 15 “qanuni oğru”, həmçinin kriminal aləmlə əlaqəli digər cinayətlərdə ifşa olunmuş 335 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət proqramlarının icrası ilə bağlı hesabatda məlumat verilib.

Sənəddə qeyd olunur ki, narkotik cinayətləri ilə mübarizə istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilib. Hesabat dövründə narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı 8 mini ötüb.

Məlumata görə, Daxili İşlər Nazirliyi beynəlxalq polis strukturları ilə əməkdaşlığı da fəal şəkildə davam etdirib. Hesabat dövründə Europol, İnterpol və digər kommunikasiya kanalları vasitəsilə 25 mindən çox şəxslə bağlı 13 mindən artıq operativ məlumat mübadiləsi aparılıb.

Yol hərəkəti təhlükəsizliyi sahəsində görülən işlərə gəlincə, 2025-ci il iyunun 1-dən 2026-cı ilin mayınadək ölkə üzrə videomüşahidə infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilib.

Bu müddətdə 1318 videokamera quraşdırılıb. Onlardan 1170-i ümumi müşahidə kameraları, 148-i isə dövlət qeydiyyat nişanlarını avtomatik tanıyan “ağıllı” videokameralardır.

Bundan əlavə, beynəlxalq və daxili əhəmiyyətli avtomobil yollarında ümumi uzunluğu 159 kilometr olan 40 orta sürətə nəzarət bölməsi yaradılıb.

Hesabatda bildirilir ki, miqrasiya axınlarının idarə olunması istiqamətində də aktiv iş aparılıb. Nəticədə, ölkədə qanunsuz yaşayan 2 154 xarici vətəndaş Gürcüstandan çıxarılıb.

Eyni dövrdə 92 xüsusi miqrasiya nəzarəti tədbiri həyata keçirilib və 9 mindən çox şəxsin sənədləri yoxlanılıb.

Sənədə əsasən, Daxili İşlər Nazirliyinin avtomobil parkı da yenilənib və 597 yeni nəqliyyat vasitəsi ilə təmin olunub.

Bizimlə əlaqə saxlayın