31 
May
2026
14:31
71

Gürcüstanda hər il 11 400 nəfər tütün istifadəsi səbəbindən həyatını itirir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, dünyada hər il 7 milyondan çox insan tütün istifadəsi səbəbindən həyatını itirir. Gürcüstanda isə bu göstərici ildə 11 400 ölüm halına çatır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Dünya Tütünlə Mübarizə Günü münasibətilə yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, aparılan tədqiqatlar elektron siqaretlərin və qızdırılan tütün məhsullarının siqaretdən imtina üçün təhlükəsiz vasitə olmadığını göstərir. Bu məhsulların tərkibində toksik, kanserogen maddələr və ağır metallar mövcuddur ki, onlar xroniki ağciyər xəstəlikləri və xərçəng riskini artırır.

Nazirliyin məlumatına görə, Gürcüstanda tütünlə mübarizə sahəsində qanunvericiliyin sərtləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və köhnə siqaret qablaşdırmaları tamamilə standartlaşdırılmış qablaşdırmalarla əvəz olunub.

Dünya Tütünlə Mübarizə Günü ilə əlaqədar Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin təşkilatçılığı ilə rəsmi görüş keçirilib. Tədbirdə sahə üzrə ekspertlər və dəvət olunmuş qonaqlar mövcud çağırışları və əldə olunan nailiyyətləri müzakirə ediblər.

Tədbiri Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze açıb. Nazir çıxışında bildirib ki, Gürcüstan ÜST-nin Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən 20 il sonra bu sahədə əhəmiyyətli irəliləyiş əldə edib. Bu irəliləyişlər standartlaşdırılmış qablaşdırmanın tətbiqi və qanunvericiliyin sərtləşdirilməsində öz əksini tapıb.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri İrakli Purtseladze isə çıxışında qeyd edib ki, mərkəz nazirliklə koordinasiyalı şəkildə tütünə nəzarətin gücləndirilməsi, vətəndaşlara dəstəyin artırılması və gənclərin sağlamlığının qorunması istiqamətində bir sıra layihələr həyata keçirir.

Tədbir çərçivəsində Gəlirlər Xidmətinin əməkdaşları tütünə nəzarət sahəsində səmərəli əməkdaşlığa görə təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, 2026-cı il üzrə qlobal kampaniyanın əsas mövzusu tütün və nikotin asılılığına qarşı mübarizədir. Gürcüstan isə ÜST-nin Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasını 20 il əvvəl ratifikasiya edib.

Bizimlə əlaqə saxlayın