Beynəlxalq Şəffaflıq – Gürcüstan: Yeni qanun yüksək vəzifəli şəxslərə əlavə 3,5 aylıq maaş almağa imkan verəcək
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” (TI Georgia) təşkilatının yaydığı məlumata görə, yeni qanun layihəsi qəbul olunacağı təqdirdə bir sıra yüksək vəzifəli şəxslər illik 12 aylıq əməkhaqqı ilə yanaşı, əlavə olaraq 3,5 aylıq maaş həcmində mükafat və əlavələr ala biləcəklər.
InterPress.ge xəbər verir ki, Gürcüstan parlamenti artıq hökumətin müvafiq təşəbbüsünü birinci oxunuşda qəbul edib.
Qanun layihəsinə əsasən, nazirlərin müavinləri, Abxaziya və Acarıstan muxtar respublikalarının hökumət üzvlərinin müavinləri, dövlət nümayəndələrinin (qubernatorların) müavinləri və mer müavinləri maaş əlavəsi və pul mükafatı almaq hüququ əldə edəcəklər.
Sənədə görə, əlavələr artıq iş saatlarına, əlavə funksiyaların yerinə yetirilməsinə, gecə saatlarında, istirahət və bayram günlərində görülən işlərə, eləcə də sağlamlıq üçün risk daşıyan şəraitdə fəaliyyətə görə veriləcək.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” qeyd edir ki, son dörd ildə nazirlərin və mer müavinlərinin maaşları artıq 46 faiz artıb.
Təşkilatın məlumatına görə, məsələn, Tbilisi meri müavininin maaşı 6 765 laridən 9 840 lariyə yüksəlib.
Bununla belə, təşkilat hesab edir ki, yeni qanun layihəsi həmin vəzifəli şəxslərə əlavə maliyyə üstünlükləri verəcək.
Hesablamalara əsasən, Tbilisi meri müavininin aylıq gəliri 9 840 laridən 12 792 lariyə qədər arta bilər. Hazırda aylıq 11 600 lari maaş alan nazir müavini isə mükafat və əlavələr hesabına əlavə olaraq ayda 3 480 lari əldə edə bilər.
Qanun layihəsinin müzakirələri parlamentdə davam edir.


