27 
May
2026
20:52
395

Qoridə polis zorakılığına məruz qalan şəxs saxlanılıb

Qoridə bu gün polis əməkdaşlarının zorakılığına məruz qaldığı deyilən şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə onun vəkili Laşa Txeşeladze məlumat yayıb.

Vəkilin sözlərinə görə, saxlanılan şəxs artıq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

“Artıq məlumdur, onu bir qədər əvvəl təcridxanaya apardılar. Saxlanılıb, amma ən ironik məqam odur ki, zorakılıq edən polis əməkdaşları onu gətirib və həmin polis əməkdaşları təcridxanaya yerləşdiriblər.

Bir tərəfdən işgəncə qurbanı olan insanı saxlayırlar, digər tərəfdən isə bir neçə dəqiqə ərzində vətəndaşa qarşı zorakılıq edən polis əməkdaşları bu ana qədər saxlanılmayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi və Gürcüstan Prokurorluğuna deyirəm ki, bu insan günahsızdır. Kadrlarda çox aydın görünür ki, ona qarşı zorakılıq edilir və işgəncə verilib. Saxlanılmalı olan bu şəxs deyil, polis əməkdaşları idi. Bir və ya iki polis yox, təxminən 10 polis əməkdaşı zorakılıq edir. Maddə yenidən tövsif olunmalı və işgəncə maddəsi ilə istintaq başlanmalıdır”, – deyə vəkil “Qarthlis Ambebi”yə açıqlamasında bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Qoridən yayılan görüntülərdə Kombinat qəsəbəsində polis əməkdaşlarının vətəndaşlara fiziki zorakılıq göstərdiyi və onları saxladığı əks olunub.

Daha sonra Gürcüstan Prokurorluğu Qoridə polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılığı faktı ilə bağlı istintaqa başlandığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın