Prokurorluq özəl bağça müəlliməsini azyaşlıya qarşı fiziki zorakılıqda ittiham edib
Gürcüstan Prokurorluğu Tbilisidə fəaliyyət göstərən özəl uşaq bağçalarından birinin tərbiyəçisinə azyaşlıya qarşı fiziki zorakılıq etdiyi üçün ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Məlumata görə, ittiham üzrə iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Tbilisi Prokurorluğunun Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İdarəsi azyaşlıya qarşı törədilmiş zorakılıq faktı ilə bağlı bir nəfərə ittiham irəli sürüb.
Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, Tbilisidə yerləşən özəl uşaq bağçalarından birində tərbiyəçi azyaşlıya qarşı zorakılıq edib və nəticədə zərərçəkmiş müxtəlif xəsarətlər alıb.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1 prima hissəsinin “a” bəndi ilə – yetkinlik yaşına çatmayan şəxsə qarşı döymə və ya digər zorakılıq əməli törətmək maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edəcək.
Cinayət işi üzrə istintaq davam edir”, – deyə məlumatda bildirilir.


