19 
May
2026
16:37
156

İŞİD-lə əlaqədə şübhəli bilinən 3 nəfər Gürcüstan vətəndaşı saxlanıldı

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Pankisi dərəsində terror təşkilatı İslam Dövləti ilə əlaqədə şübhəli bilinən 3 Gürcüstan vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə DTX-də keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, Antiterror Mərkəzi və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları ötən gecə Pankisi dərəsinin Omalo, Birkiani və Cokolo kəndlərində genişmiqyaslı əməliyyat keçiriblər.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulub və terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə xarici ölkədən müəyyən tapşırıqlar alıblar.

DTX-nin məlumatına görə, onlar Pankisi dərəsində terror təşkilatını dəstəkləyən qondarma “camaat” yaratmağa və digər şəxsləri terror fəaliyyətinə cəlb etməyə çalışıblar. Bunun üçün müxtəlif məkanlarda gizli görüşlər təşkil edib, terror ideologiyasının təbliği ilə məşğul olublar.

Qeyd olunub ki, istintaq çərçivəsində məhkəmə qərarı əsasında saxlanılan şəxslər və onlarla əlaqədə olan digər şəxslər barəsində gizli istintaq tədbirləri və əməliyyat-axtarış tədbirləri aparılıb.

Əməliyyat zamanı bir neçə ədəd odlu silah, partlayıcı maddə, döyüş sursatı, mobil telefonlar, kompüter texnikası və digər elektron informasiya daşıyıcıları, həmçinin İslam Dövlətinin bayrağı, simvolları əks etdirən əşyalar və şəxsi sənədlər maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci və 236-cı maddələri ilə istintaq aparılır. Saxlanılan şəxsləri 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

DTX-dən bildirilib ki, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın