Tbilisidə narkotik vasitələrin qanunsuz saxlanılması və satışına görə iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə iki nəfəri saxlayıb. Saxlanılan şəxslərdən biri əvvəllər məhkum olunub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 260 və 260 prim maddələri üzrə istintaq aparılır. Həmin maddələr 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşadıqları evlərdə aparılan axtarış zamanı satış məqsədilə qablaşdırılmış külli miqdarda – 80 bağlamaya bölünmüş qurudulmuş “marixuana” narkotik vasitəsini maddi sübut kimi götürüblər.
İstintaq tədbirləri nəticəsində polis narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materialları da aşkar edərək götürüb.


