Gürcüstanda ixtisaslaşmış televiziya kanalları üçün xarici maliyyə qadağası ləğv edilir
Gürcüstanda fəaliyyət göstərən ixtisaslaşmış yayımçılar üçün xarici maliyyələşmə qadağası aradan qaldırılır.
InterPress.ge xəbər verir ki, bununla bağlı dəyişiklik “Yayım haqqında” qanuna edilir. Söhbət ötən il qəbul olunmuş və televiziya şirkətlərinə xarici mənbələrdən birbaşa və ya dolayı şəkildə maliyyə almağı qadağan edən qanundan gedir.
Parlamentə təqdim olunan yeni dəyişikliklərə əsasən, “Gürcü Arzusu” partiyasının deputatları ixtisaslaşmış yayımçılar üçün istisna tətbiq etməyi təklif ediblər.
Qanun layihəsinə görə, xarici qüvvələrdən maliyyə almaq qadağası yalnız xəbər və ictimai-siyasi proqramlar yayımlayan televiziya kanallarına şamil ediləcək.
Layihənin izahat kartında qeyd olunur ki, dəyişiklik idman, maarifləndirici, təhsil və əyləncə məzmunlu proqramlar yayımlayan ixtisaslaşmış kanallara aid olacaq.
Beləliklə, yalnız bir istiqamət üzrə fəaliyyət göstərən – idman, təhsil, maarifləndirici və əyləncə proqramları təqdim edən yayımçılar xarici maliyyə ala biləcəklər.
Bununla yanaşı, efirində xəbər və ictimai-siyasi verilişlər yayımlanan media qurumları üçün xarici maliyyələşmə qadağası qüvvədə qalacaq.


