Tbilisidə külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs torpaq sahəsində tikinti icazəsinin alınması və yaşayış evinin inşası məqsədilə zərərçəkəndən mərhələli şəkildə 83 min lari alıb. Lakin o, razılaşmanın şərtlərini yerinə yetirməyib və pulu qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsi məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar”, – deyə DİN-in yaydığı məlumatda bildirilib.


