Avropa İttifaqının Gürcüstanla bağlı genişlənmə hesabatı bu gün açıqlanacaq
Bu gün Brüsseldə Avropa İttifaqının genişlənmə sammiti keçiriləcək və Gürcüstanla bağlı illik genişlənmə hesabatı dərc olunacaq.
InterPress.ge xəbər verir ki, sammit Tbilisi vaxtı ilə saat 17:00-da başlayacaq və toplantıda Aİ ölkələrinin və namizəd dövlətlərin liderləri iştirak edəcəklər.
Tədbirə Avropa Şurasının prezidenti Antonio Koxta, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosi, Ukrayna prezidenti Volodimir Zelenski, Moldova prezidenti Maya Sandu, Serbiya prezidenti Aleksandr Vuçiç, Albaniya baş naziri Edi Rama, Monteneqro baş naziri Miloşko Spajiç və Şimali Makedoniyanın baş naziri Xristian Mitskoski qatılacaq.
Eyni zamanda, Avropa Komissiyası bu gün 2025-ci il üçün “Genişlənmə Paketi”ni təsdiqləyəcək.
Hesabatda Aİ-yə üzv olmaq istəyən bütün namizəd ölkələr, o cümlədən Gürcüstan üzrə görülmüş islahatlar, əldə olunmuş irəliləyişlər və gələcək prioritetlərə dair illik qiymətləndirmə yer alacaq.


