Nikol Paşinyan: “Ermənistan Türkiyə ilə Naxçıvan və Azərbaycan arasında dəmir yolu tranzitinə hazırdır”
Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu Forumu”nda çıxış edərək bəyan edib ki, Ermənistan siyasi baxımdan Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə hazırdır.
Paşinyanın sözlərinə görə, dəmir yolu xətlərinin bərpası və yenidənqurulması üçün müəyyən texniki işlər tələb olunur, lakin bu problemlərin 2–3 il ərzində həlli mümkündür.
“Yaxın gələcəkdə Ermənistan ərazisindən keçən boru kəmərləri və Ermənistan–Azərbaycan–Türkiyə enerji ötürmə xətləri fəaliyyət göstərəcək. Bundan əlavə, dəmir yolu və avtomobil əlaqələri də bərpa ediləcək. Bütün bunlar TRIPP – Beynəlxalq Sülh və Rifah Marşrutu proqramı çərçivəsində nəzərdən keçirilir. Hazırda biz Türkiyə və Azərbaycanla müvafiq danışıqlar aparırıq, həmçinin ABŞ-la bu razılaşmaların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edirik,” – deyə Paşinyan qeyd edib.


