04 
Mar
2020
14:32
878

Həsən Ruhani İranda koronavirusun miqyasının genişləndiyini açıqladı

İran Prezidenti Həsən Ruhani ölkəsində tüğyan edən koronavirusdan danışıb.

InterPress.ge “Reuters”ə istinadən xəbər verir ki, Həsən Ruhani koronavirusun İranın, demək olar, bütün bölgələrinə keçdiyini açıqlayıb.

O, ölkəsinin ən qısa müddətdə və ən az itkilərlə bu böhranın öhdəsindən gələcəyini bildirib.

Qeyd edək ki, İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-ə çatıb. Bunların 51 066 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Bizimlə əlaqə saxlayın