Dövlət satınalmalarında qayda pozuntularına görə cinayət məsuliyyəti sərtləşdirilir
Dövlət satınalmalarında iştirak qaydalarının pozulmasına görə cinayət məsuliyyəti sərtləşdirilir və Cinayət Məcəlləsində nəzərdə tutulan cəza müddətləri artırılır.
InterPress.ge xəbər verir ki, bu istiqamətdə parlamentdə təşəbbüs göstərilən qanun layihəsi ikinci oxunuş çərçivəsində yenidən işlənib.
İlkin variantda dövlət satınalmalarında iştirak qaydalarının pozulmasına görə cinayət məsuliyyətinin tətbiq oluna biləcəyi şəxslərin dairəsinin genişləndirilməsi nəzərdə tutulurdu. Sonradan bu təşəbbüsə cəzaların sərtləşdirilməsi də əlavə edilib.
Parlament tərəfindən ikinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, dövlət satınalmaları ilə bağlı, o cümlədən bazar araşdırması və ya sadələşdirilmiş satınalma prosesində şəxslərin əvvəlcədən razılaşması, sövdələşməsi və ya özünə və ya başqasına maddi gəlir və ya üstünlük əldə etmək məqsədilə digər hərəkətləri nəticəsində satınalan təşkilatın qanuni maraqlarına mühüm zərər vurulduğu halda, həmin əməl cərimə, iki ilədək müddətə ev dustaqlığı və ya altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməl təkrar törədildiyi halda, şəxs cərimə və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası alacaq.
Bundan əlavə, həmin əməl sahibkarlıq və ya digər iqtisadi fəaliyyət əleyhinə törədilmiş cinayətlərə, yaxud Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) və 182-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə nəzərdə tutulan cinayətlərə görə iki və ya daha çox dəfə məhkum olunmuş şəxs tərəfindən törədildiyi təqdirdə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qanun layihəsinə əsasən, dövlət satınalmalarında iştirak qaydalarının pozulmasına görə hüquqi şəxslər də məsuliyyət daşıyacaq. Belə hallarda hüquqi şəxs fəaliyyət hüququndan məhrum edilə, ləğv oluna və cərimələnə bilər.


