“Əlaqəlilik və tranzitlə bağlı bütün istiqamətlər üzrə iddialı planlarımız var və onların həyata keçirilməsini ardıcıl şəkildə davam etdiririk. Əminliklə deyə bilərik ki, beş ildən sonra Gürcüstan bu baxımdan keyfiyyətcə daha güclü ölkəyə çevriləcək”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Biznes Assosiasiyasının “Gürcüstanda biznes mühiti: hökumətlə biznes arasında dialoq” adlı konfransında çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, iqtisadi artımda nəqliyyat və logistika sektorunun töhfəsi çox böyükdür.
“İqtisadi artımda nəqliyyat və logistikanın rolu çox vacibdir. Orta Dəhliz qlobal ticarət xəritəsinin ayrılmaz hissəsinə çevrilib və bu, ölkəmizin strateji rolunu daha da artırır.
Bu istiqamətdə iddialı planlarımız var. Gürcüstanın tranzit ölkə kimi rolunu gücləndirmək məqsədilə bu sahəyə təxminən 7 milyard dollar investisiya yatırılması nəzərdə tutulur. Yol infrastrukturu sahəsində isə 2031-ci ilədək magistral yolun bütün hissələrinin tikintisini başa çatdırmağı planlaşdırırıq. Bu, iddialı, lakin tamamilə real plandır. İnfrastruktur Nazirliyi bu istiqamətdə fəal iş aparır.
Liman infrastrukturuna gəldikdə, 2029-cu ilədək Anaklia limanının tikintisinin birinci mərhələsi başa çatacaq.
Hava limanları ilə bağlı da planlı şəkildə işləyirik. Kutaisi hava limanının infrastrukturu genişləndirilir. Batumi hava limanı ilə bağlı iddialı planlarımız var. Həmçinin Tbilisinin yeni beynəlxalq hava limanının – Vaziani hava limanının tikintisi nəzərdə tutulub. Tikintinin 2031-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Dəmir yolu sahəsində də iddialı planlarımız var. Dəmir yolunun imkanları keyfiyyətcə gücləndiriləcək.
Əlaqəlilik və tranzitlə bağlı bütün istiqamətlər üzrə iddialı planlarımız var və onların həyata keçirilməsini ardıcıl şəkildə davam etdiririk. Əminliklə deyə bilərik ki, beş ildən sonra Gürcüstan bu baxımdan keyfiyyətcə daha güclü olacaq. Buna görə də bu məsələyə diqqətimizi əsirgəməyəcəyik”, – deyə Baş nazir bildirib.
