15 noyabr 2026-cı il tarixində Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (GASU) yeni layihəsi – “AGORA”ya start verib.
InterPress.ge xəbər verir ki, “AGORA” müxtəlif ölkələrdən olan tələbələri bir araya gətirən, mədəniyyətlərarası ünsiyyəti, fikir mübadiləsini və şəxsi inkişafı təşviq etməyi hədəfləyən beynəlxalq ingilisdilli tələbə platformasıdır.
Layihənin ilk görüşü Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilib. Tədbirdə Gürcüstan, Azərbaycan, Nepal, Sudan, Livan, Hindistan, Nigeriya və Pakistandan olan tələbələr iştirak ediblər.
Görüş zamanı “AGORA” layihəsinin məqsədləri və gələcək fəaliyyət istiqamətləri təqdim olunub. İştirakçılar müxtəlif interaktiv fəaliyyətlərə qoşularaq öz fikir və təcrübələrini bölüşüblər.
Həmçinin iştirakçılara gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumat verilib.
Qeyd edək ki, layihənin ideya müəllifi GASU-nun fəal üzvü Zeynəb Nurmamedovadır.







