Gürcüstanda məktəblərdə iş imkanları genişləndirilir – qanuna dəyişikliklər hazırlanıb
Gürcüstan parlamenti sürətləndirilmiş qaydada "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri müzakirə edəcək. Dəyişikliklər məktəblərdə məşğulluq imkanlarının genişləndirilməsini nəzərdə tutur.
InterPress.ge xəbər verir ki, qanunvericilik təşəbbüsü Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanıb və parlamentin müvafiq komitəsində nazir müavini Tamar Maxaraşvili tərəfindən təqdim olunub.
Dəyişikliklərə əsasən, müəllimliyə namizəd, əvəzləyici xüsusi müəllim, proqram müəllimi və proqram üzrə xüsusi müəllim anlayışları qanunvericilikdə müəyyən ediləcək.
Qanun layihəsinə görə, müəllimliyə namizəd kimi ən azı bakalavr dərəcəsinə malik şəxslərin, eləcə də informasiya və kommunikasiya texnologiyaları sahəsində peşə təhsili almış şəxslərin işə qəbulu mümkün olacaq.
Bundan əlavə, praktik xüsusi müəllimlərin təhsil sistemini tərk etməsi nəticəsində yaranan kadr çatışmazlığının müvəqqəti aradan qaldırılması imkanları genişləndiriləcək.
Dəyişikliklər xüsusi müəllimlərin müvəqqəti olaraq işdə olmadığı hallarda onların əvəz edilməsinə də imkan yaradacaq.
Həmçinin qanunvericiliklə icazə verilən müxtəlif yollarla fənn müəllimliyi hüququ əldə etmiş və eyni zamanda xüsusi müəllim imtahanından uğurla keçmiş şəxslər də xüsusi müəllim kimi fəaliyyət göstərə biləcəklər.
Qeyd edək ki, parlament bu qanunvericilik təşəbbüsünü bu gün birinci oxunuşda müzakirə edəcək.


