09 
Iyn
2026
14:40
226

Avtomobil yolları yaxınlığında qanunsuz tikintilərə görə cərimələr sərtləşdirilir

Avtomobil yollarının mühafizə zolaqlarında razılaşdırılmadan və ya razılaşdırılmış şərtlərin pozulması ilə aparılan tikinti işlərinə görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsi planlaşdırılır. Yol infrastrukturuna ziyan vurulması hallarında isə daha ağır cərimələrin tətbiqi nəzərdə tutulur.

InterPress.ge xəbər verir ki, bu və digər dəyişikliklər "İnzibati Xətalar Məcəlləsi"nə nəzərdə tutulan düzəlişlərdə əksini tapıb. Dəyişikliklər Avtomobil Yolları Departamenti tərəfindən hazırlanaraq baxılması üçün hökumət tərəfindən parlamentə təqdim edilib.

Dəyişikliklərə əsasən, cərimə tətbiq edən qurum kimi Avtomobil Yolları Departamenti müəyyən edilir. Departament onun idarəçiliyində olan avtomobil yollarında və ya onların tərkib hissələrində yol örtüyünün çirkləndirilməsi, yolun hərəkət hissəsinə, səkilərə və ya yol kənarına tikinti və digər materialların tökülməsi ilə bağlı inzibati xətalara baxmaq, inzibati tənbeh tətbiq etmək və icra sənədi vermək səlahiyyəti əldə edəcək.

Eyni zamanda, Avtomobil Yolları Departamenti ilə razılaşdırılmadan və ya razılaşdırılmış şərtlərin pozulması ilə onun idarə etdiyi avtomobil yollarında və yolkənarı zolaqlarda hər hansı tikinti fəaliyyətinin həyata keçirilməsinə görə yeni inzibati məsuliyyət müəyyən edilir.

İlk mərhələdə bu cür pozuntu fiziki və ya hüquqi şəxs üçün xəbərdarlıqla nəticələnəcək. Bununla yanaşı, departamentin səlahiyyətli nümayəndəsi qanun pozucusuna bir aydan çox olmamaq şərti ilə qanunsuz tikinti fəaliyyətinin və ya tikilinin yerləşdirilməsinin dayandırılması, həmçinin ərazinin əvvəlki vəziyyətə qaytarılması və ya sökülməsi barədə göstəriş verəcək.

Bu göstəriş müəyyən olunmuş müddətdə yerinə yetirilmədiyi halda, fiziki şəxs 500 lari, hüquqi şəxs isə 2 000 lari məbləğində cərimələnəcək.

Eyni pozuntunun inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi daha ağır məsuliyyətə səbəb olacaq. Belə hallarda fiziki şəxslər üçün 1 500 lari, hüquqi şəxslər üçün isə 6 000 lari məbləğində cərimə nəzərdə tutulur.

Bundan əlavə, qanunsuz fəaliyyət nəticəsində avtomobil yoluna və ya onun tərkib hissəsinə ziyan dəydiyi hallarda ayrıca məsuliyyət tətbiq ediləcək. İlk dəfə belə pozuntu törədən fiziki şəxs 1 500 lari, hüquqi şəxs isə 50 000 lari məbləğində cərimələnəcək.

Eyni əməl inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə, fiziki şəxslər üçün cərimə 3 000 lariyə, hüquqi şəxslər üçün isə 100 000 lariyə qədər artırılacaq.

Qanun layihəsinə əsasən, Avtomobil Yolları Departamenti müəyyən olunmuş müddət başa çatdıqdan sonra Daxili İşlər Nazirliyinin müvafiq ərazi orqanının nümayəndəsinin iştirakı ilə qanunsuz tikinti və ya tikilinin sökülməsi prosedurlarına, zərurət yarandıqda isə bərpa və reabilitasiya işlərinə başlamaq səlahiyyətinə malik olacaq.

Qanunsuz tikinti və ya tikilinin yerləşdirilməsi nəticəsində dəyən zərərin, o cümlədən bərpa və reabilitasiya işlərinin dəyərinin və söküntü xərclərinin ödənilməsi tikintini həyata keçirən şəxsin müəyyən edilmədiyi hallarda tikilinin və ya tikinti sahəsinin mülkiyyətçisinin və ya istifadəçisinin üzərinə qoyulacaq.

Qeyd edək ki, sözügedən qanunvericilik dəyişiklikləri parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunacaq.

Bizimlə əlaqə saxlayın