Tbilisidə soyuq silahla hədələyərək vətəndaşlara onlayn kredit götürtdürən 3 nəfər saxlanılıb
Tbilisidə soyuq silahla hədələyərək iki vətəndaşı müxtəlif banklardan onlayn kredit götürməyə məcbur edən 3 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-in məlumatına görə, Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə 3 nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər soyuq silahla hədələyərək iki vətəndaşı müxtəlif banklardan onlayn kredit götürməyə məcbur ediblər.
Cinayətdə iştirak edən şəxslər vətəndaşlardan birinə təsdiqlənmiş kredit məbləğinin hamısını çıxartdıraraq pulu qanunsuz şəkildə mənimsəyiblər.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən 3 nəfər saxlanılıb. Polis təqsirləndirilən şəxslərin qanunsuz mənimsədiyi pulun bir hissəsini maddi sübut kimi götürüb.
Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır. Sözügedən maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


