11 
Avq
2026
20:43
245

Gürcüstanda yeni sürücülər üçün xüsusi sınaq müddətinin tətbiqi planlaşdırılır

Gürcüstanda yeni sürücülər üçün xüsusi sınaq müddətinin tətbiqi planlaşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin avqustun 5-də qəbul etdiyi qərarla təsdiqlənən 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında qeyd olunub.

Yol Təhlükəsizliyi Milli Strategiyasına əsasən, yeni sürücülər tərəfindən törədilən yol hərəkəti qaydalarının pozulmasına qarşı diferensial və daha sərt hüquqi reaksiya mexanizmlərinin tətbiqi planlaşdırılır. Buraya maliyyə sanksiyalarının sərtləşdirilməsi və sürücülük vəsiqəsindən daha çox balın silinməsi də daxildir.

Sənəddə qeyd olunur ki, belə yanaşma yeni sürücülərin davranışlarının korreksiyasına, daha yüksək məsuliyyət standartının formalaşdırılmasına və nəticə etibarilə onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına kömək edəcək.

Gürcüstanda 2024-cü ildə aparılmış araşdırmaya əsasən, yol-nəqliyyat hadisələrinin 18%-dən çoxu 4 ildən az sürücülük təcrübəsinə malik şəxslərin təqsiri ucbatından baş verir.

“Yeni sürücülər yol hərəkəti üçün artmış risk mənbəyi hesab olunurlar. Yuxarıda qeyd olunan amil bir neçə səbəblə bağlıdır. İlk növbədə, onların praktiki təcrübəsi azdır və bu səbəbdən təhlükəni əvvəlcədən müəyyənləşdirmək və mürəkkəb yol vəziyyətlərində tez qərar qəbul etməkdə çətinlik çəkirlər.

Bununla yanaşı, kifayət qədər təcrübənin olmaması nəqliyyat vasitəsini idarəetmə texnikası ilə bağlı çətinlikləri də nəzərdə tutur ki, bu da avtomobili idarə edərkən səhvlərə yol vermə ehtimalını artırır.

Bundan əlavə, gənc yaşla bağlı psixoloji amillər – riskə daha yüksək tolerantlıq, sürətə meyillilik və həmyaşıdların təsiri – yol-nəqliyyat hadisəsinin baş vermə ehtimalını artırır. Nəticədə təcrübə çatışmazlığı ilə davranış xüsusiyyətlərinin birləşməsi yeni sürücüləri yüksək riskli kateqoriyaya çevirir.

Avropa İttifaqında 2025-ci ildə yeni sürücülər üçün ən azı iki illik sınaq müddətinin tətbiqini nəzərdə tutan qərar qəbul edilib. Bu müddət ərzində sürücü tərəfindən törədilən hüquq pozuntuları daha sərt sanksiyalara səbəb olacaq”, – deyə hökumət tərəfindən qəbul edilən strategiyada bildirilir.

Bizimlə əlaqə saxlayın