ABŞ Gürcüstanda qeydiyyatdan keçmiş kriptovalyuta şirkətini sanksiyaya məruz qoydu
ABŞ Gürcüstanda qeydiyyatdan keçmiş kriptovalyuta şirkətinə qarşı sanksiya tətbiq edib. Şirkətin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli rəqəmsal aktivlərin ötürülməsində iştirak etdiyi iddia olunur.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) açıqlamasında bildirilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, yeni sanksiyalar paketi İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nu maliyyələşdirdiyi və qanunsuz maliyyə əməliyyatlarına yardım etdiyi bildirilən kriptovalyuta şirkətlərinə və şəxslərə qarşı yönəlib.
Sanksiyaya məruz qalan şəxslər arasında İranda anadan olmuş, Dominika və Əfqanıstan vətəndaşlığına da malik olan və Birləşmiş Ərəb Əmirliklərində yaşayan Siavash Kayvanpourun adı çəkilir. ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, Kayvanpour rəqəmsal valyuta ilə bağlı qanunsuz fəaliyyətləri dəstəkləyən şirkətlər şəbəkəsini idarə edir.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Kayvanpour Gürcüstanda qeydiyyatdan keçmiş "Shelbit LLC" şirkəti vasitəsilə Shelbit Exchange platformasını idarə edir.
ABŞ tərəfinin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid rəqəmsal valyuta ünvanlarından Shelbit Exchange-in rəqəmsal valyuta ünvanına 1 milyon dollardan çox dəyərində aktiv göndərilib. Eyni zamanda Shelbit Exchange-in ünvanlarından İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus rəqəmsal valyuta ünvanlarına 2 milyon dollardan çox vəsait köçürüldüyü iddia olunur.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyaya məruz qalan şəxslərin və qurumların ABŞ yurisdiksiyasına düşən əmlakı və əmlakdakı maraqları bloklanır. ABŞ şəxsləri üçün isə sanksiyaya məruz qalan şəxslərlə müəyyən maliyyə əməliyyatlarının aparılması qadağandır.


