04 
Avq
2026
10:25
45

Kobaxidze: 2008-ci il müharibəsinin faciəsi Vahid Milli Hərəkat üçün Rusiyaya qarşı sərt mövqe tutmağa əsas olmadı

Gürcüstanın Baş naziri və "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze 2008-ci il avqust müharibəsinin ildönümü ilə əlaqədar yaydığı bəyanatda "Vahid Milli Hərəkat"ın hakimiyyətdə olduğu dövrdə Rusiya ilə bağlı siyasətini kəskin tənqid edib.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, 2008-ci il avqust müharibəsindən 18 il keçməsinə baxmayaraq, həmin müharibənin ağır nəticələri bu gün də Gürcüstanın və on minlərlə vətəndaşın həyatında hiss olunur.

Baş nazir qeyd edib ki, "Vahid Milli Hərəkat" hakimiyyətinin öz dövləti və xalqı qarşısında törətdiyi cinayətlərin nəticəsində Rusiya Gürcüstan ərazisinin 20 faizini işğal edib.

"Rusiyanın hərbi təcavüzü nəticəsində 412 nəfər həlak olub, 2 232 nəfər yaralanıb, 30 min vətəndaş öz doğma evini tərk etməyə məcbur qalıb, 120-dən çox gürcü yaşayış məntəqəsi işğal xəttinin arxasında qalıb. Bu rəqəmlər sadəcə statistika deyil. Onların arxasında itirilmiş insan həyatı, viran qalmış kəndlər və xəyanət qurbanı olmuş milli maraqlar dayanır", – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, belə böyük faciəyə baxmayaraq, 2008–2012-ci illərdə "Vahid Milli Hərəkat" və onun tərəfdarları üçün bu hadisə Rusiyaya qarşı radikal mövqe formalaşdırmaq üçün kifayət etməyib.

Kobaxidze iddia edib ki, əksinə, 2008-ci ildə Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi və Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra "Vahid Milli Hərəkat" Rusiya ilə bağlı sərt siyasət yürütməyib.

Onun sözlərinə görə, müharibədən qısa müddət sonra həmin dövrün hakimiyyətinin lideri Rusiya vətəndaşlarını sərhəddə şəxsən qarşılayır, onları Gürcüstana turizm və biznes məqsədilə gəlməyə dəvət edirdi. Baş nazir əlavə edib ki, həmin dövrdə Rusiya ilə mədəni və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində də fəal addımlar atılıb, həmçinin Rusiya kapitalının Gürcüstan iqtisadiyyatının müxtəlif, o cümlədən strateji sahələrinə cəlb olunması təşviq edilib və bir neçə il sonra Rusiya vətəndaşları üçün viza rejimi birtərəfli qaydada ləğv olunub.

Kobaxidze vurğulayıb ki, 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Gürcüstan cəmiyyətinin müxalifət yönümlü, "psevdo-liberal" adlandırdığı hissəsində tamamilə fərqli yanaşma formalaşıb və bu mövzu ayrıca müzakirə tələb edir.

Bizimlə əlaqə saxlayın