Mariya Zaxarova: Gürcüstanın müstəqil siyasəti Qərb üçün "boğazda qalan sümüyə" çevrilib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Gürcüstanın müstəqil siyasəti Qərb ölkələri üçün ciddi narahatlıq mənbəyinə çevrilib.
InterPress.ge xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, müasir Gürcüstan suveren dövlətin daxili işlərinə xarici müdaxilənin ən bariz nümunələrindən biridir.
"Əgər beynəlxalq münasibətlər, suverenlik, müstəqillik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərindən danışırıqsa, müasir Gürcüstan suveren dövlətin işlərinə görünməmiş müdaxilənin ən aydın nümunəsidir", – deyə Zaxarova bildirib.
Rusiya XİN sözçüsü qeyd edib ki, Tbilisinin milli maraqlara və öz xalqının mənafeyinə əsaslanan müstəqil siyasət yürütmək istəyi kollektiv Qərb tərəfindən birbaşa çağırış kimi qəbul olunur.
"Tbilisinin milli maraqlara və öz xalqına söykənən müstəqil siyasət aparmaq istəyi kollektiv Qərb tərəfindən birbaşa çağırış, boğazda qalan sümük kimi qəbul edilir", – deyə o vurğulayıb.
Zaxarovanın sözlərinə görə, bu vəziyyət Qərb ölkələrini o qədər narahat edir ki, onlar Gürcüstanın hazırkı hakimiyyətini dəyişmək üçün bütün təsir vasitələrindən istifadə etməyə hazırdırlar.
"Bu, Qərb nümayəndələrini o dərəcədə qıcıqlandırır ki, onlar yalnız öz xalqının maraqlarına xidmət edən, tarixini tanıyan və gələcəyini bu əsas üzərində quran hökuməti devirmək üçün bütün təsir rıçaqlarından istifadə etməyə hazırdırlar", – deyə Mariya Zaxarova bildirib.


