Araşdırma: Gürcüstan iqtisadi böhranlara davamlılıq üzrə dünyada ikinci yerdə qərarlaşıb
Avropa Parlamentinin Tədqiqat Xidməti (EPRS) Normandiya 2025 Hesabatı çərçivəsində iqtisadi böhranlara davamlılıq üzrə qlobal reytinqi açıqlayıb.
InterPress.ge xəbər verir ki, 10 ballıq qiymətləndirmə sistemi üzrə Gürcüstan 9,66 bal toplayaraq tarixi maksimum nəticə göstərib və dünyanın ən yaxşı üç ölkəsi sırasına daxil olub.
Araşdırmaya əsasən, iqtisadi böhranlara davamlılıq baxımından birinci yerdə Norveç, ikinci yerdə Gürcüstan, üçüncü yerdə isə Səudiyyə Ərəbistanı qərarlaşıb.
Avropa ölkələri arasında isə Norveç və Gürcüstandan sonra İsveçrə ən yüksək nəticə göstərib. Reytinqdə Ukrayna Avropada sonuncu yerdə qərarlaşıb. Bildirilir ki, Moldova Rusiyadan bir pillə geridə, Rusiya isə Belarusdan aşağı mövqedə yer alıb.
Araşdırmada Avropa İttifaqının 27 üzv dövlətinin göstəriciləri ayrıca təhlil edilib. Nəticələrə görə, Avropa İttifaqı iqtisadi böhranlara davamlılıq baxımından Venesuela, Qvatemala və El Salvadordan geri qalır, lakin Böyük Britaniyanı cüzi fərqlə qabaqlayır. Böyük Britaniya isə öz növbəsində Vyetnam və Kosta-Rikadan geri qalır.
Qeyd olunur ki, iqtisadi böhranlara davamlılıq üzrə qlobal reytinq Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları əsasında hazırlanıb. Qiymətləndirmə zamanı dövlət borcu, əhalinin və özəl sektorun maliyyə sabitliyi ilə bağlı seçilmiş göstəricilər təhlil olunub.
Avropa Komissiyasının təqdim etdiyi izaha əsasən, Avropa Parlamentinin Tədqiqat Xidmətinin Normandiya Hesabatı Avropa İttifaqının fəaliyyətinə uyğunlaşdırılmış metodologiyadan istifadə edir. Hesabat münaqişə, sülh və təhlükəsizliklə bağlı geosiyasi göstəriciləri iqtisadi və sosial məlumatlarla birləşdirərək qiymətləndirmə aparır.


