Marneulidə "İki təkərli arzu" sənədli filminin təqdimatı keçirilib
Marneulidə fəaliyyət göstərən "Tea House" məkanında mərkəzin könüllüsü Amina Əhmədova tərəfindən ərsəyə gətirilən "İki təkərli arzu" adlı sənədli filmin təqdimatı keçirilib.
InterPress.ge xəbər verir ki, iyunun 27-də baş tutan tədbirdə motosiklet idmanı üzrə Gürcüstan çempionatının gümüş medalçısı, Marneuli sakini Emil Məmmədovun idman fəaliyyəti, uğurları və nailiyyətlərindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Emin Əhmədov iştirakçıları salamlayaraq layihənin yaranma tarixindən danışıb. Daha sonra filmin müəllifi Amina Əhmədova ekran əsərinin hazırlanma prosesi və məqsədi barədə ətraflı məlumat verib.
Tədbirdə həmçinin **"Borçalı Moto Klub"**un üzvü İlkin Məmmədov, **"OXU Təhsil Mərkəzi"**nin rəhbəri Murad Muradov və iştirakçılardan Venera Mumladze çıxış edərək sənədli filmlə bağlı təəssüratlarını bölüşüblər.
Sonda çıxış edən Emil Məmmədov tədbir iştirakçılarına təşəkkürünü bildirib, əldə etdiyi uğurlardan və gələcək planlarından danışıb.
Çıxışlardan sonra iştirakçılar "İki təkərli arzu" sənədli filmini izləyiblər. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.









