Gürcüstanda ötən il 44 mindən çox insan vəfat edib – Ən çox ölüm səbəbi bunlar olub
2025-ci ildə Gürcüstanda 44 319 nəfər vəfat edib. Bu göstərici 2024-cü illə müqayisədə 348 nəfər və ya 0,8 faiz çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb.
Məlumata görə, ölüm səbəbləri arasında ən çox qan dövranı sistemi xəstəlikləri və bədxassəli şişlər (xərçəng) üstünlük təşkil edib. Belə ki, vəfat edənlərin 37,7 faizi qan dövranı sistemi xəstəliklərindən, 15,5 faizi isə bədxassəli şişlərdən dünyasını dəyişib.
Sakstatın məlumatına əsasən, ölüm səbəblərinin yaş qrupları üzrə bölgüsü fərqlənir.
5 yaşadək vəfat edən uşaqlar arasında əsas ölüm səbəbini perinatal dövrdə yaranan pozuntular təşkil edir.
5-39 yaş arası əhali arasında isə ölüm hallarının əsas səbəbi travmalar, zəhərlənmələr və xarici amillərin təsiri nəticəsində baş verən hadisələrdir. Bu yaş qrupunda bədbəxt hadisələrin baş vermə ehtimalı daha yüksək qiymətləndirilir.
2025-ci ildə 40 yaş və ondan yuxarı şəxslər arasında isə ölüm səbəbləri sırasında qan dövranı sistemi xəstəlikləri və bədxassəli şişlər üstünlük təşkil edib.


